İndoneziyanın vitse-prezidenti saxta diplom qalmaqalına görə istefa verdi
İndoneziyanın vitse-prezidenti Gibran Rakabuming Raka təhsil sənədinin saxta olması ilə bağlı yaranmış qalmaqal səbəbindən tutduğu vəzifədən getmək üçün müraciət edib.
Liderxeber.az xəbər verir ki, bu məlumatı "Jakarta Globe" qəzeti yayımlayıb.
Xəbərə görə, siyasətçi istefa ərizəsini ölkənin ən ali qanunvericilik institutu sayılan Xalq Məşvərət Konqresinin sədri Əhməd Muzaniyə ünvanlayıb:
"O, ərizəsinə təcili baxılmasını tələb edib. Konqres rəhbərliyi elə bu gün onun vəzifədən kənarlaşdırılması məsələsini müzakirə etmək üçün toplanacaq".
Qeyd edək ki, 39 yaşlı Gibran Rakabuming Rakanın orta təhsil sənədinin orijinallığı ilə bağlı mübahisələr hələ 2023-cü ildən başlamışdı. Həmin vaxt sosial platformalarda onun orta məktəbi başa vurmaması və etibarlı attestatının olmamasının 2024-cü ildə keçirilən seçkilərdəki iştirakını qeyri-qanuni etdiyinə dair məlumatlar yayılmışdı.
Bunun ardınca sabiq ədliyyə nazirinin müavininin rəhbərlik etdiyi aktivistlər qrupu onun seçki nəticələrinin ləğvi və vəzifəsindən azad olunması tələbi ilə İndoneziya Ali Məhkəməsinə rəsmi şikayət vermişdilər.
Qeyd edək ki, Gibran Rakabuming Raka 2014-cü ildən 2024-cü ilə qədər prezident vəzifəsində çalışmış Joko Vidodonun böyük oğludur. 2024-cü il seçkilərində o, Prabovo Subianto ilə birlikdə vitse-prezidentliyə namizəd kimi qatılıb. Bu ittifaq hazırkı prezidentin tərəfdarları ilə onun sələfinin siyasi nüfuzunu birləşdirdi. Eyni zamanda Prabovo öz siyasi qurumuna - "Gerindra" Partiyasına - rəhbərlik etdiyi halda Gibran daha çox Joko Vidodonun siyasi çevrəsinin təmsilçisi kimi qəbul edilir.
