Pressa.az » Ölkə » “Pilotların təlimi üçün təyyarələr alınacaq”

“Pilotların təlimi üçün təyyarələr alınacaq”

12 noyabr 2026, Cümə axşamı, 16:34
“Pilotların təlimi üçün təyyarələr alınacaq”

“Azərbaycanlı pilotların təlimi məqsədilə 5 ədəd “Cessna 172 S” təyyarəsinin alınması planlaşdırılır”.

Liderxeber.az xəbər verir ki, bu barədə Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində hazırda bu tipli 5 hava gəmisi var: “Bu tip təyyarənin alınması və onların sayının 10-na çatdırılması planlaşdırılır”.

S.Quliyevin sözlərinə görə, şirkət “Cessna 172 S” tipli hava gəmilərinə texniki xidmət göstərir: “Biz həm baza, həm operativ texniki xidmətləri göstəririk. Buraya mühərriklərin, qanadların çıxarılması və qoyulması daxildir. “Cessna 172 S” tipli hava gəmiləri ABŞ istehsalıdır. Bu təyyarələrdə Almaniya mühərrikləri quraşdırılıb. Bu mühərriklər həm dizel, həm də aviasiya yanacağı ilə işləyirlər”.

Rəis müavini bildirib ki, Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində 2024-cü ildən indiyədək 17 pilot təlim keçib.

O, hazırlıq mərkəzinin 2024-cü ildə təlim təşkilatı statusunu əldə etdiyini bildirib:

“Gələcəkdə yerli pilotların hazırlanması potensialı gücləndiriləcək. Hazırda bizdə beş ədəd “Cessna” hava gəmisi var. Bu ilin sonunda bir ədəd “Cessna” hava gəmisinin gətirilməsi planlaşdırılır. Bu da təlim imkanlarımızın genişləndirilməsinə gətirib çıxaracaq və yerli kadrların hazırlanmasına töhfəsini verəcək”.

Seymur Quliyevin sözlərinə görə, hazırda Qəbələ Beynəlxalq Hava Limanında 41 nəfər stajor pilot təlim keçir: “2024-cü ildən indiyədək təlim təşkilatı artıq 17 pilotu AZAL sərnişin aviaşirkətinə təhvil verib”.