ABŞ-nin iddialarına cavab olaraq məşhur fotonu paylaşdı
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ rəsmilərinin Tehranın bioloji və ya kimyəvi silah hazırladığı barədə iddialarını 2003-cü ildə İraqın işğalına əsas kimi göstərilən kütləvi qırğın silahları iddiaları ilə müqayisə edib.
Liderxeber.az-ın məlumatına görə, “X”də paylaşım edən Bəqayi bildirib ki, Vaşinqton əvvəllər İranın nüvə təhlükəsi yaratdığını iddia edirdi, indi isə bioloji və kimyəvi silah məsələsini gündəmə gətirir.
Onun sözlərinə görə, ittihamlar dəyişsə də, ssenari eynidir və beynəlxalq ictimaiyyətin 2003-cü il hadisələrini unutması gözlənilir.
Sözçü paylaşımına 2003-cü ildə BMT Təhlükəsizlik Şurasının iclasında İraqda kütləvi qırğın silahlarının olduğunu sübut etmək üçün əlində kiçik şüşə qab tutan ABŞ-nin sabiq dövlət katibi Kolin Pauellin fotosunu da əlavə edib.
Bəqayi qeyd edib ki, həmin görüntü müasir tarixin ən böyük kəşfiyyat uğursuzluqlarından və siyasi aldatmalarından birinin simvoluna çevrilib.
İraq işğalının həm İraq xalqı, həm region, həm də ABŞ cəmiyyəti üçün fəlakətli nəticələr doğurduğunu vurğulayan Bəqayi Vaşinqtonun yeni iddialarının eyni xətti izlədiyini bildirib: “Beynəlxalq ictimaiyyətin 2003-cü il İraq işğalından dərs çıxarıb-çıxarmadığı və dünyanın yenidən geniş miqyasda aldanmasına icazə verib-verməyəcəyi sual altındadır”.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin “The New York” qəzeti İrandakı bəzi bəndlərin təkcə suvarma və elektrik enerjisi istehsalı üçün deyil, həm də yeraltı hərbi obyektləri dəstəkləmək məqsədilə tikilə biləcəyini iddia etmişdi.

