Qəzzada İsrailin daha 9 hərbçisi ölüb
İsrail Qəzzada daha 9 əsgərini itirib.
LiderXəbər İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qəzzada HAMAS-la davam edən döyüşlərdə İsrailin 9 hərbçisi həyatını itirib. Bundan başqa, dünən İsrail ordusunun daha 2 hərbçisinin öldüyü bildirilmişdi.
IDF bildirib ki, 2 əsgər 7-ci Zirehli Briqadanın 77-ci Batalyonunda, qalan əsgərlər isə Givati Piyada Briqadasının Tzabar Batalyonunda xidmət edib.
Givati Piyada Briqadasının əsgərləri onları daşıyan zirehli maşının HAMAS-ın atdığı tank əleyhinə idarə olunan raketlə vurulması nəticəsində həlak olub. Eyni hadisədə biri ağır olmaqla, daha dörd əsgər yaralanıb.
7-ci Zirehli Briqadanın əsgərləri isə tankın partlayıcı qurğunun üzərinə keçməsi nəticəsində həlak olub. Eyni hadisədə daha iki əsgər ağır yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-də HAMAS-ın İsrailin cənub regionuna qəfil hücumu nəticəsində 1400-dən çox israilli qətlə yetirilib, 200-dən çox şəxs girov götürülüb. Bunun ardınca İsrail HAMAS-a qarşı hərbi əməliyyatlara başlayıb. İlkin mərhələdə Qəzzaya hava zərbələri endirlib və oktyabrın 27-də İsrail Qəzzada quru əməliyytlarına başladığını elan edib.
İsrailin Qəzzaya zərbələri nəticəsində burada indiyədək 8000-dən çox fələstinlinin həlak olduğu bildirilir.