Avstraliyada yanğınlarda 2 min hektardan çox meşə sahəsi yanıb
Avstraliyanın Yeni Cənubi Uels əyalətində (NSW) martın 5-də başlayan və hələ tam nəzarət altına almaq mümkün olmayan yanğınlarda 2 min hektardan çox meşə sahəsi yanıb.
LiderXəbər xəbər verir ki, BBC-nin məlumatına görə, Yeni Cənubi Uels yanğınsöndürmə səlahiyyətliləri əyalətin paytaxtı Sidney də daxil olmaqla bir çox bölgədə isti hava səbəbiylə başlayan 33 yanğından 10-nun hələ də nəzarət altına alınmadığını bildirib.
Güclü küləyin alovun sürətlə yayılmasına səbəb olduğu, yanğın bölgəsində yaşayanlara təxliyə çağırışı edildiyi qeyd olunub.
Eyni zamanda ildırım çaxmasının bölgədə yeni yanğınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.
İlkin məlumatlara görə yanğında insan itkisi qeydə alınmasa da, ərazidəki bəzi evlərə ziyan dəydiyi müəyyən edilib.
2021-ci ilin yanvarından bəri ən isti günlərin Avstraliyanın Yeni Cənubi Uels əyalətində yaşandığı, havanın temperaturunun ötən gün 40 dərəcədən yuxarı qalxdığı bildirilib.