Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir.
Liderxeber.az-ın BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, yanvarın 12-si başlayan builki sammit “Davamlı gələcək üçün sektoral inteqrasiya” mövzusuna həsr edilib.
Tədbir sosial-iqtisadi inkişaf üçün yeni imkanlar açmaq məqsədi daşıyan Dayanıqlılıq Həftəsi dünya liderlərini bir araya gətirib.
Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində bütün dünyadan olan yüksək səviyyəli təmsilçilər fiziki və yaxud virtual formatda toplanaraq insan inkişafının təmini və dayanıqlı həllər istiqamətində biliklərini bölüşür, strategiyaları müəyyənləşdirir və beynəlxalq şirkətlərin pavilyonlarında ən qabaqcıl texnologiyaları nümayiş etdirirlər.
Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi 2008-ci ildən etibarən hər il BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təşkil edilir və dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur.
Sammit iqlim dəyişiklikləri ilə bağlı çağırışlarla mübarizədə, davamlı iqtisadi inkişafın və yaşıl bərpa prosesinin təmini məqsədilə səylərin birləşdirilməsi istiqamətində mühüm strateji platforma hesab olunur.
Əbu-Dabi Dayanıqlılıq Həftəsində hər il 50 mindən artıq şəxs, 175-dən artıq ölkə, bir çox dövlət başçısı, 1 000-dən artıq biznes dairənin nümayəndələri iştirak edir.