Pressa.az » Dünya » Həcc ziyarətinin qiyməti artırıldı: Səbəb nədir?

Həcc ziyarətinin qiyməti artırıldı: Səbəb nədir?

22 yanvar 2025, Çərşənbə, 17:27
Həcc ziyarətinin qiyməti artırıldı: Səbəb nədir?

Həcc ziyarətinin qiyməti ötən illə müqayisədə bu il daha yüksəkdir.

Belə ki, 2024-cü ildə həcc ziyarəti üçün paketin qiyməti 5 850 ABŞ dolları, bu il isə 5 950 ABŞ dolları müəyyənləşdirilib.

Bunun səbəbləri barədə sualları cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, həcc ziyarəti üçün paketin məbləği Səudiyyə Ərəbistanındakı qiymətlərə uyğunlaşdırılaraq təyin edilir:

"Biz çox çalışdıq ki, keçənilki qiyməti saxlayaq, lakin heç cür alınmadı. Səudiyyə Ərəbistanında hər şey bahalaşıb. Buna baxmayaraq, biz ötənilki qiyməti saxlamaq istədik. Amma bu halda xidmətin keyfiyyəti aşağı olacaqdı. Bu da bizim zəvvarlar üçün uyğun deyil. Azərbaycanlı zəvvarlar hər zaman yaxşı şərait, təminat istəyirlər. Qiymətləri xidmətə uyğunlaşdırmaqla aşağı salası olsaq, narazılıq yaranacaqdı".

O bildirib ki, həcc ziyarəti paketinə komfortlu təyyarə ilə səyahət, Səudiyyə Ərəbistanında transfer xidmətləri, həcc dövründə ziyarət olunan yerlərə komfortlu avtobuslarla çatdırılma, Məkkə, Mədinədə hoteldə qalma və qidalanma kimi bir çox xidmətlər daxildir:

"Eyni zamanda, zəvvarlarımızı ziyarətdə müşayiət etməsi üçün rəhbərlər təyin edirik, ehram paltarları, vəsaitlərlə təmin edirik. Ziyarət paketinə 21 gün ərzində çox sayda xidmət daxildir".

Həcc ziyarətinin qonşu ölkələrdə daha ucuz qiymətə həyata keçirilməsi məsələsinə toxunan Vüsal Cahangiri bildirib ki, qiymət xidmətə görə dəyişir:

"Azərbaycanlı zəvvarlar daha yaxşı xidmət istəyirlər. Ola bilsin, daha ucuz qiymətə ziyarət təşkil edən ölkələr var, lakin onların zəvvarlar üçün yaratdığı şəraitlə bizim təşkil etdiyimiz xidmətlərin keyfiyyəti eyni deyil. Zəvvarlarımız çox səliqəli və rahat hotellərdə qalırlar. Biz postsovet ölkələri ilə müqayisədə də çox yaxşı xidmət göstəririk".

"Biz həcc ziyarətinin təşkili missiyasını həyata keçiririk. İnsanlar bunu istəyirlər və xidməti də, qiyməti də ona uyğunlaşdırırıq. Xidmətimizdən narazılıq edən yoxdur. Nədəsə məmnun qalmayanlar da çox vaxt yerli şirkətlərin göstərdiyi xidmətlərdən narazılıq edirlər", - deyə Vüsal Cahangiri bildirib.