"Nutella-nın atası" vəfat etdi

Dünyanın ən məşhur fındıq kremi markalarından biri olan Nutella-nın yaradıcısı kimi tanınan italiyalı kimyaçı Fransesko Rivella 97 yaşında dünyasını dəyişib.
Liderxeber.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İtaliya mediasında "Nutella-nın atası" kimi tanınan Rivella əfsanəvi fındıq kremi reseptinin inkişafında mühüm rol oynayıb.
Məlumata görə, Fransesko Rivella Nutella-nın satışa çıxarılmasından 12 il əvvəl, 1952-ci ildə İtaliyanın məşhur şokolad və şirniyyat şirkəti Ferrero-da çalışmağa başlayıb. O zaman 25 yaşında olan Rivella Torino Universitetində bromatoloji kimya sahəsində təhsilini yeni tamamlamışdı.
Ferrero-nun "kimya laboratoriyasında" çalışan Rivella markanın ikonlaşmış məhsullarının hazırlanmasına töhfə verib. O, xammalın analizini apararaq yeni məhsullar yaratmaq üçün müxtəlif qarışıqlar üzərində təcrübələr edib.
Karyerası boyu Ferrero-da yüksələn Rivella şirkətin yüksək vəzifəli rəhbərlərindən birinə çevrilib. Ferrero şirkəti 1946-cı ildə Pietro Ferrero tərəfindən qurulmuşdu. Rivella isə sonradan şirkətin idarəçiliyini üzərinə götürən Pietro Ferrero-nun oğlu Mişel Ferrero ilə yaxından əməkdaşlıq edərək onun sağ əli kimi fəaliyyət göstərib.
Nutella necə yaranıb?
Nutella-nın tarixi ilk dəfə 1946-cı ildə istehsal edilən və "Giandujot" adlanan fındıq-şokolad qarışığına əsaslanır. Dilimlənə bilən bu şirin kütlə çörəyə sürtülərək yeyilirdi.
1951-ci ildə Giandujot daha yumşaq, krem formasına salınaraq "SuperCrema" adı ilə yenidən bazara çıxarılıb. 1964-cü ildə isə reseptdə edilən yeniliklər sayəsində dünyaca məşhur Nutella-nın ilk buraxılışı reallaşıb.
Oxşar Xəbərlər:

