Pressa.az » İdman » “Şəfa” qiymətləri niyə qaldırıb?

“Şəfa” qiymətləri niyə qaldırıb?

28 aprel 2025, Bazar ertəsi, 11:18
“Şəfa” qiymətləri niyə qaldırıb?

İkinci liqada çempionluğun taleyini həll edəcək “Şəfa” – “Şahdağ Qusar” oyunundan öncə meydan sahibi komandanın biletlərin qiymətini artırması qarşı tərəfin narazılığına səbəb olub.

Liderxeber.az xəbər verir ki, hazırda turnir cədvəlində lider olan qusarlılar Bakıdakı səfər matçına xüsusi hazırlaşıb.

Azarkeşlərin bir çoxu komandalarına dəstək olmaq üçün avtobuslarla səfərə yollanmaq istəyib. Lakin çempionluq üçün mübarizə aparan “Şəfa” rəqibin azarkeş dəstəyi ilə üstünlük əldə edəcəyini düşünərək süni şəkildə biletlərin qiymətini qaldırıb.

Hazırda matça giriş biletinin qiyməti 10 manatdır. Azərbaycan Premyer Liqasında biletlərin 2-3 manata olduğunu nəzərə alsaq, bakılıların bu addımı niyə atdığı bəllidir.

Maraqlıdır ki, “Şəfa” öz azarkeşləri üçün biletləri pulsuz edib. 10 manatlıq biletlər isə yalnız qonaq komandanın tərəfdarları üçündür.  

Qusarlı azarkeşlər də “Şəfa”nın bu cür addım atmasına narazılıqlarını bildiriblər.

“Şəfa”nın prezidenti Sərdar Salamzadə isə məsələyə bu cür şərh verib: “İlk dövrədə “Şahdağ Qusar” klubu bizim azarkeşləri stadiona ancaq bilet əldə etdikdən sonra buraxacağını bildirmişdi. Biz isə öz növbəmizdə niyə məhz bizim azarkeşlər üçün bilet tələb olunduğunu və digər oyunlarda bilet olmadığını soruşanda dedilər ki, qərar belədir. Ardından 2 dəfə bilet qiymətini qaldırdılar. Biz problem etmədik, 200 bilet alıb oyuna gəldik.

Biz də öz növbəmizdə “Şahdağ Qusar” ilə oyuna biletlə giriş olacağını elan etdik. Öz azarkeşlərimizə bilet və dəvətnaməni özümüz əldə edəcəyik. Bizim addımımızın onlara cavab olduğunu deməzdik, amma ümumi qərar budur. Və düşünürəm ki, biz Premyer Liqaya çıxandan sonra “Şəfa”nın, “Qarabağ”ın, “Neftçinin və s. oyunlarına azarkeşlər bilet alaraq gələcəklər. Biz klub olaraq bu istiqamətdədə işlər aparırıq”.