STEAM Azərbaycan Festivalı başladı - Yenilənib
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.
Liderxeber.az xəbər verir ki, açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.
***
“Qarabağ Universitetinin tələbələri də bu gün bizim festivalda iştirak edirlər”.
Bu sözləri "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov keçirilən festival zamanı deyib.
O bildirib ki, iştirakçılar yarış boyu tam fərqli formatda Olimpiadaya qatılmaq imkanı əldə edəcəklər:“Olimpiada onlayn formatda bu zalda keçiriləcək. Bu il ümumiyyətlə çox yarış kateqoriyası var. Ən çox qeydiyyat da bu il baş tutub. Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir”.
