Pressa.az » İdman » Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO

Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO

26 oktyabr 2026, Bazar ertəsi, 12:55
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO

Azərbaycanlı ultramarafonçu Elməddin Məmmədov TAN Series layihəsi çərçivəsində beş şəhərdə marafon məsafəsini uğurla tamamlayaraq ümumilikdə 210 kilometrə yaxın məsafə qət edib. O, türk dünyasında bu layihə çərçivəsində beş medal qazanan ilk azərbaycanlı kimi ölkəmizə qürur yaşadıb.

Liderxeber.az xəbər verir ki, İdmançı Bakı, Qazaxıstanın Almatı və Türkistan, Özbəkistanın Səmərqənd, eləcə də Qırğızıstanın Bişkek şəhərlərinin hər birində 42 kilometr qaçaraq finiş xəttini keçib. Bu nailiyyət onun fiziki dözümlülüyünün, iradəsinin və məqsədinə bağlılığının göstəricisidir.

Elməddin Məmmədov " Yaşasın Azərbaycan, yaşasın türk dünyası " deyərək əldə etdiyi bütün uğurları Azərbaycanın Zəfərinə və Vətən müharibəsi qəhrəmanlarına həsr etdiyini vurğulayıb. Onun üçün hər finiş xətti yalnız idman nailiyyəti deyil, həm də Vətənə sevginin, şəhidlərimizin əziz xatirəsinə ehtiramın və qəhrəmanlarımızın fədakarlığına sədaqətin ifadəsidir.

İdmançının bu təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin

türk dünyasında birliyin, həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti fonunda xüsusi məna daşıyır. Türk dövlətləri arasında əlaqələrin genişlənməsinə, ortaq dəyərlərin qorunmasına və türk dünyasının beynəlxalq nüfuzunun güclənməsinə xidmət edən bu siyasət belə təşəbbüslərin mənəvi əhəmiyyətini daha da artırır.

Bakıdan Almatıya, Səmərqənddən Bişkekə və Türkistana uzanan marafonlar qardaş xalqlar arasında dostluq və həmrəyliyin idman vasitəsilə ifadəsidir. Azərbaycan bayrağını müxtəlif ölkələrdə dalğalandıran Elməddin Məmmədov öz uğurları ilə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.

Beş şəhər, beş marafon məsafəsi və beş medal — Zəfərimizə, Vətən müharibəsi qəhrəmanlarına və Azərbaycan adına həsr olunan bu nailiyyət həm də türk dünyasının birliyinə verilən töhfədir.

Elməddin Məmmədovu bu əlamətdar uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr arzulayırıq. Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın!