Avropa çempionatında olimpiadaya lisenziya qazanan bədii gimnastlar Vətənə qayıdıb
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvləri Vətənə qayıdıb.
Liderxeber.az xəbər verir ki, millinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Gimnastları həmkarları, ictimaiyyət nümayəndələri, azarkeşlər, jurnalistlər qarşılayıblar. Qeyd edək ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib. Yığma 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komanda olimpiadaya vəsiqə qazanıb. Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Bədii gimnastlardan Zöhrə Ağamirova da fərdi yarışlarda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.