CIES Azərbaycan millisinin üzvünü ilin ən yaxşı futbolçuları siyahısına daxil edib
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəni 2024-cü ilin yaşı 21-dən aşağı olan ən yaxşı futbolçularının siyahısına daxil edib.
Liderxeber.az-ın məlumatına görə, bu barədə CIES-nin təqvim ili üçün hazırladığı hesabatda bildirilib.
Qurum 64 liqada 2004-cü il və daha sonra anadan olmuş oyunçularla bağlı araşdırma aparıb.
Nəriman Axundzadə sağ vingerlərə ən çox məhsuldar ötürmə verən və onlara qapıya zərbə vurmaq imkanı yaradan futbolçulardan hesab olunur. Hazırda 20 yaşı olan forvard bu göstəriciyə görə 75.1 əmsalla 7-ci pillədə qərarlaşıb.
İlk sırada Türkiyə yığmasının və İspaniyanın "Real" klubunun futbolçusu Arda Gülər yer alıb. Onun əmsalı 81.4-dür.
Qeyd edək ki, Nəriman Axundzadə 2024/2025 mövsümündə Misli Premyer Liqasında 7, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 2 assistlə yadda qalıb.