Pressa.az » İdman » "Qalatasaray" Muslerayla bağlı qərarını verib: Klubdan ayrılır

"Qalatasaray" Muslerayla bağlı qərarını verib: Klubdan ayrılır

21 fevral 2025, Cümə, 13:45
"Qalatasaray" Muslerayla bağlı qərarını verib: Klubdan ayrılır

Türkiyənin "Qalatasaray" klubu uruqvaylı qapıçısı Fernando Muslera ilə vidalaşır.

Liderxeber.az "Fotomaç"a istinadən xəbər verir ki, 38 yaşlı futbolçu yayda komandanı tərk edəcək.

2011-ci ildən "cim-bom"un şərəfini qoruyan qolkiper dünən Avropa Liqasının pley-off mərhələsində "AZ Alkmaar"a qarşı matçda forma geyinməyib, çərçivə Günay Güvəncə tapşırılıb. "Sarı-qırmızılar"ın məşqçi korpusu 14 il ərzində ilk dəfə Musleranı ehtiyatda saxlayıb. O, indiyədək yalnız zədəli və ya cəzalı olanda Superliqa və avrokubok oyunlarını buraxıb.

"Qalatasaray" rəhbərliyi artıq Musleraya əvəzləyici axtarır. Namizədlər arasında Berke Özer ("Eyüpspor", Türkiyə), Lukas Perri ("Olimpik Lion", Fransa) və Konstantinos Tzolakis ("Olimpiakos", Yunanıstan) yer alır. Bu qapıçılardan braziliyalı Lukas Perrinin şansı daha çox qiymətləndirilir. Çünki "Qalatasaray"ın sabiq üzvü Klaudio Taffarel həmyerlisi barədə xoş sözlər söyləyərək, onun transferini məsləhət görüb.

Ümumiyyətlə, "cim-bom" son 27 ildə qapını adətən cənubi amerikalılara tapşırır. Musleraya qədər bu şərəfə Taffarel (1998-2001-ci illər) və kolumbiyalı Fərid Mondraqon (2001-2007-ci illər) nail olub.

Qeyd edək ki, Muslera "Qalatasaray" formasında 539 matça çıxıb, yeddi dəfə Türkiyə çempionu, dörd dəfə ölkə kubokunun və altı dəfə Türkiyə Superkubokunun qalibi olub.