Azərbaycanda əkin sahələrinin 26,5%-də taxıl biçini yekunlaşıb
Azərbaycanda əkin sahələrinin 26,5%-də taxıl biçini yekunlaşıb. Bu günədək sahələrdən 641423 ton arpa, 213460 ton buğda yığılıb.
Liderxəbər xəbər verir ki, ölkə üzrə payızlıq arpa sahələrinin 52,8%-də, buğda sahələrinin isə 10%-də biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.8 sentner, buğda üzrə isə 33,3 sentner təşkil edib.
Payızlıq əkinlər mövsümündə Kürdəmir rayonunda 42842 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 10515 hektar buğda, 32327 hektarı isə arpa sahələridir. Bugünədək rayon üzrə 24847 hektar sahədə biçin aparılıb, sahələrdən 77750 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 31.3 sent/ha təşkil edir. Kürdəmirdə arpa sahələrinin 68 faizində, buğda sahələrinin isə 30 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.
Hazırda rayonda biçin prosesində 71 kombayn iştirak edir. Bunlardan 23 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Kürdəmirə 20 əlavə kombayn dislokasiya edilib. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 28 özəl kombayn da cəlb olunub. Rayonda biçin prosesinin qısa müddətdə tam başa çatacağı gözlənilir.
Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə 1446 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 83995 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. “Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.