Pressa.az » İqtisadiyyat » Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır - Səbəb

Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır - Səbəb

22 aprel 2026, Çərşənbə, 14:03
Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır - Səbəb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılır.

Liderxeber.az xəbər verir ki, qanun layihəsi beş fəsil və 25 maddədən ibarətdir.

Qeyd olunub ki, yeni qanun layihəsinin hazırlanmasının zərurəti və onun mahiyyətinə keçməzdən öncə bir konseptual məsələyə diqqəti yönəltməyə ehtiyac var.

Bu məsələ milli qanunvericilikdə istifadə olunan "lizinq" termininin (anlayışının) "maliyyə icarəsi" termini (anlayışı) ilə əvəz edilməsi (adlandırılması) ilə bağlıdır.

Beynəlxalq termin olan "leasing" sözü dilimizə tələffüz olunduğu kimi keçib, yəni "lizinq" kimi ifadə olunub. Hazırda təqdim olunan qanun layihəsində isə onun "maliyyə icarəsi" kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib.

Yeni qanunun qəbulu ilə "maliyyə icarəsi" ilə bağlı vahid yanaşma təmin ediləcək, terminlərin eyniləşdirilməsi həyata keçiriləcək, "lizinq" adı ilə təqdim olunan fəaliyyətin hüquqi statusu və mahiyyətinin bu xidmətin istehlakçıları tərəfindən daha aydın qavranılmasına nail olunacaq. Qeyd etmək lazımdır ki, bu xidmətin alıcıları tərəfindən lizinq adı ilə təqdim olunan bu xidmətin icarəyə aid olmasından daha çox, sanki onun kredit münasibəti olması rəyi formalaşırdı. Bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarları da xüsusi əhəmiyyətə malik olub.

Bu Qanun dərc olunduğu gündən altı ay sonra qüvvəyə minəcək.