Pressa.az » İqtisadiyyat » AQP qanunda olmayan tələb irəli sürür, öz tələbini özü pozur - Orxan Əli

AQP qanunda olmayan tələb irəli sürür, öz tələbini özü pozur - Orxan Əli

24 iyun 2026, Çərşənbə, 17:01
AQP qanunda olmayan tələb irəli sürür, öz tələbini özü pozur - Orxan Əli

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qanunun tələblərinə zidd olaraq rəhbəri olduğum "Proxima Group" şirkətini Palatanın reyestrinə daxil etməkdən imtina edir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, "Proxima Group" şirkətinin direktoru Orxan Əli bildirib. O qeyd edib ki, şirkətin reyestrə daxil edilməsi üçün AQP-yə rəsmi müraciət edib.

"15 gündən sonra Palatadan mənə zəng edərək bildirdilər ki, təqdim olunan sənədlərdə heç bir problem yoxdur. Lakin şirkətdə əmək müqaviləsi ilə rəsmi çalışan iki qiymətləndiricinin olması tələb edilir. Halbuki 'Qiymətləndirmə fəaliyyəti haqqında' Azərbaycan Respublikasının Qanununda belə bir tələb nəzərdə tutulmayıb. Mən rəsmi imtina məktubu təqdim edilməsini xahiş etdim. Uzun müzakirələrdən sonra həmin məktub mənə göndərildi. Məktubda qeyd olunur ki, AQP-nin daxili reqlamentinə əsasən, 01.02.2025-ci il tarixindən etibarən müraciət edən şirkətlər üçün belə bir tələb tətbiq edilir. Bu tələbin hansı hüquqi əsasla müəyyənləşdirildiyi isə müəmmalı olaraq qalır."

Orxan Əli bildirib ki, sözügedən reqlament qəbul edildikdən sonra da onlarla qiymətləndirmə şirkəti cəmi bir qiymətləndirici ilə reyestrə daxil edilib.

"2025-ci ilin statistikasına əsasən, həmin il 85 qiymətləndirmə şirkəti qeydiyyata alınıb. Hazırda bu rəqəm 131-ə çatıb. Şirkətlər Palatanın rəsmi saytında qeydiyyat tarixinə görə sıralanıb. Mən 2025-ci ili nəzərə almıram. Təkcə 2026-cı ildə onlarla qiymətləndirmə şirkəti reyestrə qəbul edilib və onların hər birində yalnız bir qiymətləndirici fəaliyyət göstərir. Əgər Palata öz daxili qaydalarını özü pozursa, bu ciddi suallar doğurur. Digər tərəfdən, əgər istisnalar tətbiq olunursa, mənim rəhbəri olduğum şirkət niyə bu istisnalardan kənarda qalır? Səbəb nədir? Bir tərəfdən qanunda nəzərdə tutulmayan tələb irəli sürülür, digər tərəfdən isə həmin tələb seçilmiş şirkətlərə tətbiq edilmir. Bu ayrı-seçkilik nə ilə izah olunur?"

Orxan Əli hesab edir ki, bu münasibət onun Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindəki (AQC) fəaliyyəti ilə bağlı ola bilər.

"Başqa səbəb görmürəm. Bundan əvvəl də AQC üzvü olan bəzi şirkətlərə eyni tələblər irəli sürülüb. Ancaq nədənsə bu qaydalar digər şirkətlərə şamil edilmir. Ümid edirəm ki, Palata bu məsələyə aydınlıq gətirəcək və qiymətləndirmə təşkilatları üçün belə tələblərin hansı hüquqi əsasla müəyyənləşdirildiyini ictimaiyyətə açıqlayacaq. Artıq məsələ ilə bağlı hüquqi addımlar atılır və məhkəməyə müraciət olunacaq. Çünki qanunun aliliyi hər şeydən üstündür."