Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Clearstream və Euroclear-in rəhbər heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli İsveç Krallığının Stokholm şəhərində keçirilən “PostTrade 360° 2026” tədbiri çərçivəsində dünyanın aparıcı beynəlxalq depozitar institutları olan Clearstream və Euroclear-ın rəhbər heyətinin nümayəndələri ilə görüşlər keçirib.
Liderxeber.az xəbər verir ki, tərəflər Milli Depozit Mərkəzinin Clearstream və Euroclear-da hesablarının açılması istiqamətində həyata keçirilən proseslərin hazırkı vəziyyətini və növbəti mərhələləri müzakirə ediblər.
Görüşlər zamanı, həmçinin MDM-in hər iki beynəlxalq depozitar sisteminə üzvlüyü ilə bağlı texniki məsələlər ətraflı nəzərdən keçirilib, mövcud tələblər, əməliyyat və texnoloji inteqrasiya məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində beynəlxalq depozitar infrastrukturu ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan kapital bazarının qlobal maliyyə bazarlarına inteqrasiyasının gücləndirilməsinin və yerli bazar iştirakçılarının beynəlxalq maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hesabların açılması və üzvlük prosesinin müvafiq mərhələləri üzrə əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
