Akademik Xoşbəxt Yusifzadə vəfat etdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.
LiderXəbər xəbər verir ki, akademik 93 yaşında vəfat edib.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə 1930-cu ildə Bakıda anadan olub. Təhsilini Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) alan Yusifzadə neft sahəsində müxtəlif vəzifələrdə işləyib.
1960-cı ildə "Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
2016-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti seçilib.
O, 2000-ci ildə "İstiqlal", 2004-cü ildə "Şöhrət", 2009-cu ildə "Şərəf", 2017-ci ildə 1-ci dərəcəli "Əmək" ordenləri ilə, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə, 2020-ci ildə isə "Heydər Əliyev" ordeni ilə təltif olunub.