Pressa.az » İqtisadiyyat » Dövlət büdcəsinin bu ilin 9 ayı üzrə göstəriciləri açıqlanıb

Dövlət büdcəsinin bu ilin 9 ayı üzrə göstəriciləri açıqlanıb

14 oktyabr 2023, Şənbə, 13:30
Dövlət büdcəsinin bu ilin 9 ayı üzrə göstəriciləri açıqlanıb

Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22076,9 milyon manat, xərcləri 23214,5 milyon manat, dövlət büdcəsinin kəsiri isə 1137,6 milyon manat məbləğində olub.

Bu barədə LiderXəbər  Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18526,9 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz (və ya 2667,4 milyon manat) artım deməkdir.

Dövlət büdcəsinin gəlirləri. 2023-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 25248,9 milyon manat proqnoza qarşı 22076,9 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 3172,0 milyon manat və ya 12,6 faiz azdır.

2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12810,7 milyon manatı və ya 58,0 faizi vergi daxilolmalarının, 4706,6 milyon manatı və ya 21,3 faizi gömrük rüsumları və idxala vergi daxilolmalarının, 3550,0 milyon manatı və ya 16,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 582,2 milyon manatı və ya 2,7 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 24,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 403,0 milyon manatı və ya 1,8 faizi isə digər daxilolmaların payına düşüb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin 9 aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi daxilolmaları üzrə 723,5 milyon manat və ya 6,0 faiz çox, gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 313,8 milyon manat və ya 7,1 faiz çox, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,6 milyon manat və ya 17,3 faiz çox, digər daxilolmalar üzrə 27,7 milyon manat və ya 7,9 faiz çox daxilolmaların təmin edilməsinə nail olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərin göstərilməsi üzrə dövlət büdcəsinə 582,2 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnozla müqayisədə 1,6 milyon manat və ya 0,3 faiz azdır.