Cari ilin 3 rübü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 542 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilib, audit hesabatları hazırlanıb, tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim edilib.
LiderXəbər xəbər verir ki, bu barədə XRİTDX-nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülletenində bildirilir.
Ötən ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 380 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildən istifadəyə verilmiş "elektron sorğu sistemi" vasitəsi ilə dövlət qurumlarından 3 rübü ərzində 5418 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.