Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq
Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılır.
LiderXəbər xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu məqsədlə açılmış bank hesabına köçürülür. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Həmçinin, layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Qeyd edilib ki, qanun layihəsi ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb. Bu vəsaitin bölgüsü qaydası qanun qəbul edildikdən sonra müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.
Bildirilib ki, artıq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən 129 kilometr uzunluqda olan hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə ödənişli yol kimi müəyyən edilmiş və Tarif Şurasının qərarı ilə gediş qiymətləri təsdiq edilib.
Eyni zamanda qanunvericilik praktikasına uyğun olaraq, qanunun bir sıra maddələrində “müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” ifadəsi ilə əvəz olunması təklif olunur.