Bakıda "İqlim-Su Zirvəsi" adlı beynəlxalq konfrans keçirilib
Bu gün ADA Universitetində "İqlim-Su Zirvəsi" adlı beynəlxalq konfrans keçirilib.
Konfransın açılışında çıxış edən ADA Universitetinnin prorektoru Fariz İsmayılzadə deyib ki, hazırda bütün dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biri hesab edilir. O, iqlimlə bağlı problemlərin həlli yollarını bütün dünyanın birlikdə axtarmalı olduğuna diqqət çəkib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir. Əvvəlki COP-lardan fərqli olaraq bu il alimlər iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli istiqamətində siyasətçilərə yeni ideyalar verəcək və fəal iştirak edəcəklər. Düşünürəm ki, COP29 şəbəkələşmə əlaqələrinin yaradılması üçün geniş imkanlar açacaq”.
Sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov tədbirin əhəmiyyətinə toxunub. O, iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib: “Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyatlarında 15 faizə qədər azalma var”.
Ə.Əsgərov bu il COP29-un Azərbaycanda keçirilməsini mühüm hadisə kimi dəyərləndirib: “COP29-da yaşıl planet və sağlam gələcək naminə üzləşə biləcəyimiz problemləri idarə etmək üçün geniş müzakirələr aparılacaq”.
“Dayanıqlı gələcək komissiyası”nın Türkiyə tərəfdən sədri Doğan Başaran çıxışında COP29-un Azərbaycanda keçirilməsinin qürurverici hiss olduğun bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP ilk dəfə bir türk dövlətində keçiriləcək.
COP29-un Azərbaycanda keçirilməsinin qürurverici hiss olduğunu bildirən D.Başaran qeyd edib ki, bütün türk dövlətləri bu istiqamətdə Azərbaycana dəstək göstərməlidir: “İqlim dəyişikliyi probleminin qarşısı alınmadığı təqdirdə bütün dünya üçün fəlakətlə nəticələnə bilər. COP29-da bu məsələnin həlli istiqamətində yeni yolların tapılacağına inanıram”.
Tədbirdə çıxış edən millət vəkilləri Ceyhun Məmmədov, Jalə Əhmədova qeyd ediblər ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizəyə qlobal səviyyədə öz töhfəsini verməkdədir. İqlim dəyişikliyi siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla prioritet sahədir
Daha sonra çıxış edən digər natiqlər Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olaraq bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini xatırladıblar.
Məlumat verilib ki, cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.
Konfrans öz işini panel iclaslarla davam etdirib.