Qışda Avropada təbii qazın qiyməti üç dəfə azalıb
Bu qış ərzində Avropada təbii qazın qiyməti üç dəfə azalaraq, 1 000 kubmetr üçün təxminən 515 ABŞ dolları təşkil edib.
Liderxəbər-in verdiyi xəbərə görə, bunu ICE London qitələrarası birjasının məlumatları sübut edir.
Məlumata görə, əgər ötən il noyabrın 30-da qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 1550 dollara satılırdısa, fevralın 28-də hərracların bağlanışında bu göstərici üç dəfə azalıb və təxminən 515 dollar təşkil edib.
Ən güclü azalma fevralın 28-də, hərraclar zamanı qazın qiymətinin 2021-ci ilin avqust ayının sonundan bəri ilk dəfə olaraq 505 dollara düşdüyü vaxt müşahidə olunub.
Qeyd etmək lazımdır ki, Avropada dekabrda qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 1272 dollar, yanvarda 712 dollar, fevralda isə təxminən 583 dollar təşkil edib.
Qazın qiymətinin sürətlə ucuzlaşması cari istilik mövsümündə regionda havaların isti keçməsi ilə bağlı olub.
Bundan əlavə, dekabr və yanvar aylarında Avropa İttifaqının elektrik enerjisi istehsalında külək istehsalının payı yüksək səviyyədə olub.
Həmçinin, Aİ-nin yeraltı qaz anbarlarındakı ehtiyatlar ilin bu vaxtı üçün tarixi maksimumdadır. Hazırda Avropanın anbarları 61,65% doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 21,61 faiz bəndi çoxdur), onlarda 66,94 mlrd. kubmetr qaz var.