“BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
“BBG Energy” şirkətində korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən struktur islahatlarının növbəti mərhələsi çərçivəsində yeni İdarə Heyətinin tərkibi təsdiqlənib.
Liderxeber.az xəbər verir ki, şirkətin təsisçilərinin müvafiq qərarına əsasən, Murad Hümbətov İdarə Heyətinin sədri təyin edilib.
Yeni İdarə Heyətinin üzvləri isə Tural Məmmədov, Murad Abdullayev və Yaşar Əbilov müəyyən olunublar.
Təsdiqlənmiş korporativ idarəetmə modelinə əsasən, İdarə Heyətinin sədri Murad Hümbətov şirkətin cari fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirəcək, İdarə Heyətinin fəaliyyətini əlaqələndirəcək, həmçinin satınalmalar, mühasibatlıq, korporativ kommunikasiyalar və komplayens istiqamətlərinə birbaşa nəzarət edəcək.
İdarə Heyətinin üzvü Tural Məmmədova kommersiya və ticarət istiqaməti həvalə olunub. O, şirkətin satış fəaliyyətinin genişləndirilməsi, beynəlxalq ticarət əməliyyatları, yeni biznes imkanlarının müəyyənləşdirilməsi, tender və kommersiya təkliflərinin hazırlanması, eləcə də müştərilərlə işgüzar əlaqələrin inkişaf etdirilməsinə cavabdeh olacaq.
İdarə Heyətinin digər üzvü Murad Abdullayev tikinti və layihələrin idarə edilməsi istiqamətinə məsul şəxs kimi müəyyən edilib. Onun fəaliyyət dairəsinə tikinti layihələrinin təşkili, layihə komandalarının fəaliyyətinin əlaqələndirilməsi, işlərin icra qrafiklərinə nəzarət, texniki və istehsalat proseslərinin koordinasiyası, habelə sifarişçilər və baş podratçılarla layihələrin icrası üzrə qarşılıqlı fəaliyyət daxildir.
Yaşar Əbilov İdarə Heyətinin üzvü qismində kollegial qərarların qəbulunda, şirkətin fəaliyyətinə dair mühüm məsələlərin müzakirəsində və korporativ idarəetmə mexanizmlərinin tətbiqində iştirak edəcək.
Bununla yanaşı, şirkətin Müşahidə Şurası üç nəfərlik tərkibdə fəaliyyətini davam etdirəcək. Müşahidə Şurasının sədri vəzifəsini Mehrəli Qasımov icra edəcək.
Yeni idarəetmə modelində Müşahidə Şurası şirkətin uzunmüddətli inkişaf prioritetlərinə, korporativ nəzarət və hesabatlılıq mexanizmlərinə nəzarəti həyata keçirəcək. İdarə Heyəti isə şirkətin gündəlik fəaliyyətinin təşkili, layihələrin icrası və kommersiya fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olacaq.
Qeyd edək ki, “BBG Energy”də həyata keçirilən dəyişikliklər şirkətin korporativ idarəetmə sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, funksional məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi və institusional dayanıqlığın gücləndirilməsi məqsədi daşıyır.
Şirkətdən bildirilib ki, struktur islahatları mərhələli şəkildə davam etdiriləcək və yeni idarəetmə modelinin tətbiqi mövcud layihələrin icrasına, beynəlxalq tərəfdaşlıqlara və müqavilə öhdəliklərinə təsir göstərməyəcək.
