Azərbaycanda "Halal Hotel"lərin olması turizmin inkişafına nə verəcək?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycanda Standartlaşdırma İnstitutu ölkədəki turizm obyektlərinə "halal hotel" sertifikatı verməyə hazırlaşır.
Bu, beynəlxalq təcrübə əsasında, halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra baş tutacaq.
Son illər dünya turizm bazarında "halal hotel" konsepti xüsusi diqqət mərkəzindədir. Bu konsept, əsasən, İslam qanunlarına uyğun xidmət göstərən hotelləri əhatə edir. "Halal hotel" sertifikatları ziyarətçiləri İslam dininin tələblərinə uyğun qida, yaşayış və digər xidmətləri təmin edən hotellərə verilir. Halal turizm sektoru, xüsusilə ərəb və Asiya ölkələri üçün böyük əhəmiyyət kəsb edir və bu sahədə geniş inkişaf imkanları mövcuddur.
Bəs Azərbaycanda "Halal hotel"lərin olması turizmin inkişafına nə verəcək? Liderxeber.az mövzunu sahənin ekspertləri ilə müzakirə edib.
"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov deyir ki, Bakıda və digər rayonlarda hazırda "halal hotel" konseptində çalışan hotellər olsa da, onlar sertifikatlaşdırılmayıb: "Həmin hotellər sahibkarların şəxsi təşəbbüsü ilə qurulub, fəaliyyət göstərir. Gələcəkdə onların sertifikatlaşdırılması nəzərdə tutulub ki, bu da həmin hotellərin müəyyən standartlar əsasında, halallıq prinsiplərinə uyğun fəaliyyət göstərməsini təmin edəcək. Bu, bütün hotellərə aid deyil. Sertifikatlaşdırma könüllüdür və burada heç bir məcburiyyət yoxdur. Sertifikasiyadan keçən hotellərdə müəyyən qaydalara riayət olunmalıdır. Məsələn, spirtli içkilər təqdim edilmir və içməyə də icazə verilmir. Eyni zamanda otaqlarda namaz qılmaq üçün imkan olmalıdır. Hotelin ərazisində namaz qılmaq üçün ayrıca kiçik bir məscid fəaliyyət göstərə bilər. Xüsusən də qidalarda halal məhsullara diqqət yetirilir və alınan məhsulların halallığına xüsusi önəm verilir”.