Hansı məhsulların ölkəyə gətirilməsi qadağandır?
Son zamanlar onlayn ticarətə maraq artıb. İnsanlar almaq istədikləri məhsulu dünyanın istənilən ölkəsindən onlayn qaydada sifariş verib, əldə edirlər. Təkcə geyim yox, mebel, tekstil malları, qab-qaşıq, həmçinin avtomobili də ölkədən çıxmadan ala bilirlər.
Lakin burada yaranan çətinlik ölkəyə gətirilməsi qadağan olunan məhsulların çatdırılması ilə bağlıdır. Yəni vətəndaş məlumatlı olmadığı üçün məhsulu sifariş verir, ölkə sərhədində aydın olur ki, sifariş verilən məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunub.
Belə məhsullardan biri də daha çox səyahət zamanı və velosiped sürərkən istifadə olunan kameralı eynəklərdir. Vətəndaşlar bu məhsulu sifariş etsələr də, sərhəddən buraxılmadığını deyirlər. Ümumiyyətlə, Azərbaycana gətirilməsi qadağan olunan mallar hansılardır? Kameralı və fənərli eynəklərin də gətirilməsi qadağandırmı? Dövlət Gömrük Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür əşyalar xüsusi icazə ilə gətirilir:
"Ölkə ərazisinə gətirilən mallara dair qadağa və məhdudiyyətlər "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanunu və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunu ilə müəyyən olunur.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanının 2 nömrəli əlavəsinə əsasən, Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyədə olmasına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti) tərəfindən verilən xüsusi icazə əsasında yol verilir".