Pressa.az » İqtisadiyyat » KOBİA: "Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb"

KOBİA: "Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb"

23 oktyabr 2024, Çərşənbə, 10:31
KOBİA: "Orta və kiçik sahibkarlara verilən kreditlər azalıb"

"Azərbaycanda son 1 il 8 ayda mikro sahibkarlara verilən kreditlər 33% artdığı halda, orta sahibkarlara verilən kreditlər 27%, kiçik sahibkarlığa verilən kreditlər isə 12% azalıb".

Liderxeber.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Bu statistika onu göstərir ki, bank və bank olmayan kredit təşkilatları KOB-ların maliyyələşməsinə və regionların kreditləşməsinə dair müəyyən addımlar atmalıdır. Regionlara yönəlik fəaliyyətin genişləndirlməsi üçün yeni filialların yaradılmasına da ehtiyac var", - deyə o qeyd edib.

"Biz KOBİA olaraq, yeni alətlərin tətbiqi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçikməbləğli güzəştli kreditə ehtiyacı olan sahibkarlara münasibətdə yeni mexanizmin tətbiqinə başlamışıq. Bu mexanizm çərçivəsində sahibkarlara 5,7 milyon manatlıq 914 bildiriş verilib. Bunlardan 3 milyon manatlıq 514 bildiriş məhz bu ilin 9 ayında təqdim olunub. Bu mexanizm həm regionlarda maliyyə əlçatanlığını asanlaşdıracaq, həm də banklar üçün risk amilinin azaldılmasına ciddi dəstək verəcək", - deyə sədr əlavə edib.

"Bundan əlavə olaraq KOBİA təhsil, elm, tədqiqat və dəstək layihələri üçün qrant da ayırır. İndiyə qədər 100-ə yaxın belə layihəyə 1,4 milyon manat qrant verilib. Eyni zamanda, sahibkarlıq fəaliyyətində innovasiyaların təşviqi məqsədi ilə startap sertifikatları təqdim olunub", - deyə O.Məmmədov vurğulayıb.