Pressa.az » İqtisadiyyat » Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

06 dekabr 2024, Cümə, 15:04
Azərbaycanın meyvə ixracatçıları rus rublunun ucuzlaşmasından əziyyət çəkir

Son vaxtlar Rusiyanın milli valyutası rublun ucuzlaşması, o cümlədən ABŞ dolları qarşısında dəyərdən düşməsi Azərbaycandan qonşu ölkəyə meyvə ixrac edən sahibkarları minlərlə manat ziyana salıb.

Məsələ ondadır ki, Rusiyanın meyvə idxalçıları aldıqları malların pulunu rublla və tədricən ödəyirlər.

Məzənnənin dəyişməsi isə Azərbaycanın iş adamlarının əldə etdikləri ixrac gəlirlərinin dollarla ifadədə azalmasına səbəb olur.

Liderxeber.az vəziyyəti biznes dairələri ilə müzakirə edib.

"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov deyir ki, Rusiyaya xurma göndərən sahibkarlarımız ziyanla bacardıqca az üzləşmək üçün hələ ki, ixracı azaldıb: "İş adamları xurmanı ölkənin soyuducu anbarlarında saxlayıb, məzənnənin sabitləşməsini gözləyir. Çünki qeyri-müəyyənlik şəraitində ixrac sərf etmir, sahibkarlar ziyanla işləyir".

Onun sözlərinə görə, mövcud vəziyyət uzun müddət davam etsə, dövlətin dəstək mexanizmlərinə ehtiyac ola bilər.

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov isə bildirir ki, Rusiya rublunun dəyərdən düşməsi fonunda nar ixracı kəskin azaldılıb: "Əvvəllər həftədə 3-4 TIR nar ixrac edilirdisə, hazırda qonşu ölkəyə satış 1 TIR-a düşüb. Rublun ucuzlaşması ilə əlaqədar alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün nar maya dəyərinə ixrac edilir. Yaxın vaxtlarda məzənnənin əvvəlki həddə qayıdacağı da gözlənilmir. Qiyməti artırıb bu vəziyyətdən daha az ziyanla çıxmaq da mümkün deyil. Çünki məhsul bahalaşanda satılmır. Nar həm də yaş meyvədir və onu uzun müddət saxlamaq mümkün deyil”.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 187 min ton xurma istehsal olunub, bunun 165 tonu ixrac edilib, o cümlədən 147 tonu Rusiyaya satılıb.

Bundan başqa, ötən il ölkədə 190 min ton nar istehsal olunub, bunun 29 min tonu ixrac edilib, o cümlədən 24 min tonu Rusiyaya göndərilib.