Pressa.az » İqtisadiyyat » Azərbaycanın texnologiya sahəsində ən yaxşı qız və qadınlar təqdim ediləcək

Azərbaycanın texnologiya sahəsində ən yaxşı qız və qadınlar təqdim ediləcək

12 aprel 2023, Çərşənbə, 13:13
Azərbaycanın texnologiya sahəsində ən yaxşı qız və qadınlar təqdim ediləcək

12 may 2023-cü il tarixində Azərbaycanın bütün İT sənayesi texnologiyalar sahəsində qadınların dəstəklənməsi istiqamətində Femmes Digitales İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək üçüncü “Azərbaycan Qadınları İT-də Mükafatı (AWITA) 2023” qeyd etmək üçün bir araya gələcəkdir. AWITA 2023 - İT sənayesində ilham verə bilən və uğur hekayələri gələcək karyeralarını texnologiya sahəsinə bağlamaq istəyən çoxlu sayda digər qızlar üçün nümunə ola biləcək ən yaxşı qız və qadınları təqdim etmək məqsədilə keçirilir.

LiderXəbər xəbər verir ki, texnologiya sahəsində daha çox qadının iştirakına yol açanları mükafatlandırmaqla biz, qadınlara öz potensialını açmaq və karyera arzularını real həyat məqsədlərinə çevirməkdə kömək etmək, eyni zamanda təşkilatlar, şirkətlər, dövlət qurumlarının İT sənayesində qadınlara ehtiyac duyduqlarını göstərmək istəyirik. 

17 aprel 2023-cü il tarixi də daxil olmaqla, ərizələrin 11 müxtəlif nominasiya üzrə onlayn qəbulu davam edir. Göstərilən tarixdən sonra münsiflər heyətinin İT sahəsinin liderlərindən, ictimai və siyasi xadimlərdən olan 32 nəfərdən ibarət üzvləri hər nominasiya üzrə 3 finalçı seçəcəkdir. Hər kateqoriya üzrə qalib 12 may 2023-cü ildə AWITA 2023 qala tədbirində gizli səsvermə yolu ilə elan ediləcəkdir.

Tədbir, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycandakı Amerika Ticarət Palatası, "Enterprise Azerbaijan", "BloomGroup" və "InfoCity"nin təşkilati və informasiya dəstəyilə həyata keçirilir.

Tədbirin sponsorları “B.EST Solutions”, “Prosol”, “Digital Umbrella”, “STEP IT Academy”, “Ultra Technologies” və “Fominov Consulting” şirkətləridir.

AWITA 2023 tədbirində 400-dən çox peşəkar və qonaqların iştirakı planlaşdırılır. Onların içərisində dövlət qurumları, universitetlər, ölkənin aparıcı İKT şirkətləri və təşkilatlarının nümayəndələri, həmçinin müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri vardır.

Artıq müsabiqəyə 100-dən çox müraciət ərizəsi daxil olmuşdur. İştirak etmək üçün ərizə təqdim etməyə hələ vaxt var. Müsabiqə, nominasiyalar və sponsorlar üçün şərtlər haqqında ətraflı məlumatı təşkilatın https://femmesdigitales.az/awita/ saytından və ya sosial şəbəkələrdəki səhifələrindən əldə edə bilərsiniz.