Pressa.az » İqtisadiyyat » Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində tərəfdaşlıq edəcəklər

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində tərəfdaşlıq edəcəklər

22 yanvar 2025, Çərşənbə, 15:20
Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində tərəfdaşlıq edəcəklər

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa imza atıblar.

Liderxeber.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Qeyd edilib ki, saziş üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb.

Sənədin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək.

Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək.

Sazişin həyata keçirilməsi məqsədilə "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC arasında "Yaşıl Dəhliz Birliyi" adlı Birgə Müəssisə təsis edilib. Bu müəssisə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.

Müzakirə zamanı bildirilib ki, saziş qeyri-müəyyən müddətə bağlanıb. Saziş çərçivəsində, bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrə investisiyalar artırılacaq, Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanları araşdırılacaq və yeni texnologiyaların tətbiqi ilə enerji istehsalı daha səmərəli hala gətiriləcək. Bu məqsədlə, sazişin icrasını təmin etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq. Bu qurumlar layihələrin koordinasiyasını həyata keçirəcək və tərəflər arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün strateji planlar hazırlayacaq.

Layihə müzakirələrdən sonra Mİlli Məclisin plenar iclasına tövsiyə edilib.