Həbsdə olan klinika direktoru azadlığa buraxılıb
"Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov həbsdən azad edilib.
LiderXəbər APA-ya istinadən xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar verib.
Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının 2\3 hissəsi başa çatıb.
Məhkəmə məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.
Qeyd edək ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22 də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
O, bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abasov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay azadlıqdan mərhum edilib.
Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə 3 ilə endirib.