TƏBİB-in dəstəyi ilə Sumqayıt şəhərində pediatrların birinci forumu keçirilib

TƏBİB-in dəstəyi, Sumqayıt Tibb Mərkəzinin və Azərbaycan Pediatrlar Cəmiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində pediatrların birinci forumu keçirilib.
Liderxeber.az xəbər verir ki, forumda TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, Forumun təşkilat komitəsinin sədri, pediatr Bəxtiyar Nağıyev və tibb müəssisələrinin həkim-pediatrları iştirak ediblər.
Abşeron, Sumqayıt və Xızıdan 150-yə yaxın pediatrın qatıldığı Forumun təşkilat komitəsinin sədri, pediatr Bəxtiyar Nağıyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd pediatrların bir araya gələrək bu sahədəki aktual problemləri, pediatriyanın inkişafını, davamlı təhsilini, yeni diaqnostik, müalicə üsullarını öyrənmək və gələcəkdə elmi tədqiqatlara dəstək olmaqdır.
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli ölkədə pediatriyanın inkişafı istiqamətində atılan addımlardan söz açıb. T.Mirzəbəyli, həmçinin elmi-praktik əlaqələrin qurulması, təlimlər, kurslar, simpozium və konfransların keçirilməsinin tibb işçilərinin bilik və bacarıqlarının artırılmasında vacib amil olduğunu diqqətə çatdırıb.
Forumun əhəmiyyətindən danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli Sumqayıt səhiyyəsində pediatriyanın inkişafından, görülən işlərdən və yeniliklərdən söz açıb.
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi qurumda pediatrların fəaliyyətindən, eləcə də Uşaq Xəstəxanasının uşaqların sağlamlığının qorunmasındakı rolunu vurğulayıb.
Forumda, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, Amerika Ürək Assosiasiyasının Azərbaycandakı təlim mərkəzinin - “Medic School Training Center”in koordinatoru Mətin Mahmudov, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktor müavini Ramin Tahirzadə və uzman pediatr Erkin Rəhimov çıxış ediblər.
Forum pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən digər məruzələrlə yekunlaşıb.
Oxşar Xəbərlər:


