Pressa.az » Ölkə » Azərbaycan BMT-nin Gənclər Forumunda uğurla təmsil olundu

Azərbaycan BMT-nin Gənclər Forumunda uğurla təmsil olundu

05 may 2025, Bazar ertəsi, 12:06
Azərbaycan BMT-nin Gənclər Forumunda uğurla təmsil olundu

15-17 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil qərargahında keçirilmiş BMT-in İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu 2025-də Azərbaycan uğurla təmsil olunub.

Liderxeber.az xəbər verir ki, forumda ölkəmizi gənc nümayəndə qismində təmsil edən Tuncay Seyidəli, Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə (SDG) sadiqliyini və qlobal təşəbbüslərdə fəal iştirakını beynəlxalq auditoriyanın diqqətinə çatdırıb.

Azərbaycanın 148 ölkənin dəstəyi ilə BMT-nin İqtisadi və Sosial Şurasının 2025–2027-ci illər üzrə üzvü seçilməsi bu forumun ölkəmiz üçün xüsusi əhəmiyyətinin göstəricisidir. Forum çərçivəsində baş tutan “Minalardan təmizləmə və post-münaqişə bərpası” mövzusundakı dialoqda çıxış edən nümayəndəmiz, SDG18 – mina təhlükəsindən azad ərazilərin bərpası üzrə Azərbaycanın milli səviyyədə həyata keçirdiyi təşəbbüsləri və bu sahədə əldə olunmuş nailiyyətləri vurğulayıb. Qeyd olunub ki, Azərbaycan mina təhlükəsinin aradan qaldırılmasını təkcə humanitar məsələ deyil, həm də dayanıqlı inkişafın əsas prioritetlərindən biri kimi qəbul edir.

Bundan əlavə, süni intellekt və gələcəyin əmək bazarına dair keçirilmiş panel müzakirələrində çıxış edən Azərbaycan nümayəndəsi, texnologiyaların iqtisadi artıma və sosial inklüzivliyə təsiri, habelə inkişaf etməkdə olan ölkələrdə əmək bazarının yeni çağırışlara uyğunlaşdırılması məsələlərinə toxunub. Seyidəli çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”na istinad edərək bu sənədin ölkəmizin qlobal texnoloji trendlərə uyğunlaşması və davamlı inkişaf prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Forum çərçivəsində müxtəlif ölkələrin dövlət rəsmiləri və gənc deleqatları ilə fikir mübadiləsi aparılıb, dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün ortaq və praktik həll yollarının müəyyənləşdirilməsi prosesinə fəal şəkildə töhfə verilib. Azərbaycanın gənclər siyasəti bu nüfuzlu beynəlxalq platformada yüksək qiymətləndirilib, ölkəmizin qlobal inkişaf gündəliyinə verdiyi töhfə bir daha ön plana çəkilib.

Qeyd edək ki, Tuncay Seyidəli hazırda təhsilini Böyük Britaniyanın “King’s College London” universitetində Kompüter Elmləri ixtisası üzrə davam etdirir və daha öncə də müxtəlif beynəlxalq platformalarda ölkəmizi təmsil edib.