Pressa.az » Ölkə » “Qərbi Azərbaycana qayıdış” brifinqi keçirildi

“Qərbi Azərbaycana qayıdış” brifinqi keçirildi

11 iyun 2025, Çərşənbə, 14:01
“Qərbi Azərbaycana qayıdış” brifinqi keçirildi

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri bağlı ictimai hesabat xarakterli brifinq keçirilib. 

Liderxeber.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İctimai Birliyi məlumat yayıb. 

Ümumxalq arzusu və Qərbi Azərbaycana gedən yollar 

İcraçı direktor Aygün Əliyeva bildirib ki, artıq 3 ildir ki, “Qərbi Azərbaycana qayıdış” mövzusu Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biridir:

“Bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar.

Ümumilikdə, bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib. “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq, bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi  kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edir”. 

Brifinqdə məlumat verilib ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək. 

Qərbi Azərbaycan nisgili və həsrətinin tərənnümü

Agentliyin departament direktoru Elnur Bağırlı qeyd edib ki, builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə - musiqi, bədii əsərlər, ekran həlləri, sənətkarlıq nümunələri əsasında izahına üstünlük verilməsi müşahidə edilir: “Monitorinq nəticələrimiz də göstərir ki, bu üsullarda təbliğat daha çox diqqət cəlb edir. Yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycan nisgilini çatdıracaq. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri bu qəbildəndir. Bundan başqa, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək”.

Toplantıda qeyd olunub ki, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək. 

Hər daşı tarix olan doğma yurd yeri

“Elmi Araşdırmalar” İctimai Birliyinin “İrəvan: hər daşı tarix”, “Dünya Gənc Türk Yazarlar” İctimai Birliyinin “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə töhfə verəcək. 

Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub. Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin “İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir.

Qayıdış hüququ

Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim olunub. 

Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələri iştirakçılara təqdim olunub.