Pressa.az » Ölkə » Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24 iyun 2025, Çərşənbə axşamı, 11:36
Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsi, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlara dəyişiklik olunması təklif edilir.

Sənədə əsasən, qanunvericiliyə yeni maddə əlavə olunur.

Belə ki, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq bələdiyyələrin vahid informasiya sistemi yaradılır.

Bələdiyyələrin vahid informasiya sistemindən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.

2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.