Qalib Dövlətin Qalib Ordusu!

Artıq beşinci ildir ki, Qalib Azərbaycan xalqı “26 iyun Silahlı Qüvvələr Günü”nü böyük təntənə, qürur, hədsiz ruh yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuz savaş meydanında hünər göstərərək xalqımızı, millətimizi böyük Zəfərə qovuşdurdu.
Təməlini 1918-ci ildə Xalq Cümhuriyyəti dövründən almış Azərbaycanın ordu quruculuğunun əsası ölkəmizdə bütün sahələrdə iz qoymuş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarixə nəzər saldıqda görürük ki,1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə dövlət quruculuğu istiqamətində bütün fəaliyyətlərlə yanaşı, ordu quruculuğuna da son qoyulmuşdur.
Bundan sonra SSRİ rəhbərliyi tərəfindən Azərbaycan əsilli hərbi kadrların yetişməsinə maneçilik törədilmiş, bilərəkdən bu sahəyə meydan verilməmişdi. Bu dönəm yalnız Ulu Öndərin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişinə qədər davam edə bilmişdi. Vətəninə, millətinə bütün qəlbi ilə bağlı, onun gələcək taleyini hər zaman düşünən Ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycanda ən önəmli proses hərbi kadrların hazırlanmasına başlanılması olmuşdu. Uzaqgörən Lider 1971-ci ildə böyük çətinlik bahasına, bugünkü qüdrətli ordumuzun formalaşmasında əvəzsiz rol oynayan və sonradan milli ordu quruculuğunun əsas bazasından birinə çevrilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Bununla da Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açıldı. Məhz Ulu Öndərin böyük əməyi nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətinin ikinci dönəmində 1998-ci il mayın 22-də böyük əhəmiyyətə malik tarixi Fərman imzaladı. Bu Fərmanın günümüzə hesablanmış böyük nailiyyətini gördükcə Ulu Öndər uzaqgörənliyinin, fenomen şəxsiyyətinin qarşısında bir daha baş əyirik.
Bu tarixi Fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk Əlahiddə Azərbaycan korpusunun yaradıldığı 26 iyun, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi elan edildi. Bununla da ordu quruculuğunda əsaslı və böyük təməlin addımları atıldı, uğura, qələbəyə aparan yolun ilk istiqaməti götürüldü. Bu addım, tarixi ənənələrimizə hörmətlə yanaşan Ümumilli Liderin başlatdığı Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində gərəkli olmaqla yanaşı, tarixilik prinsipinə dayanan dövlətçilik ənənələri, müstəqil dövlətimizin möhkənləndirilməsi və ölkəmizdə güclü ordu yaradılması strategiyasındada mühüm nailiyyətlərindən biri oldu. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin inkişafında və dövlətçiliyimizin qorunması yolunda müqayisəedilməz işlər görərək güclü dövlətin Qalib ordusunu yaratdı.
Milli ordumuzu gücləndirərək onu dünyanın ən güclü orduları sıralarında bərqərar etdi. Doğru siyasət sayəsində ordu xalq birliyi ilə güdrətlənən ordumuz dəmir yumruq ətrafında birləşərək “Qarabağ Azərbaycandır” şüarı ilə torpaqlarımızı düşmən işğalından azad etdi, müqəddəs yurdumuzu öz bütövlüyünə qovuşdurdu.
Şəkəralı İsmayılov;
Neftçala rayonu, Vətən müharibəsi iştirakçısı
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO