Pressa.az » Ölkə » Azad edilmiş torpaqlarda yenidənqurma işləri uğurla davam edir

Azad edilmiş torpaqlarda yenidənqurma işləri uğurla davam edir

07 iyul 2025, Bazar ertəsi, 11:06
Azad edilmiş torpaqlarda yenidənqurma işləri uğurla davam edir

Ermənistanın Azərbaycan ərazilərində apardığı hərbi təcavüzün fəsadlarına diqqət yetirdikdə bunun miqyassız, ölçüyəgəlməz həddə olduğunun şahidi oluruq.

Mənfur millət mədəni irsimizi, iqtisadi infrastrukturumuzu barbarcasına talan və məhv etmişdir. Bu azmış kimi işğal dövründə Ermənistan tərəfindən tarixi torpaqlarımızda bir milyondan artıq mina və partlamamış hərbi sursat basdırılmışdır. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və müharibədən sonra dinc insanların həyatına birbaşa təhlükə yaradan amillərdən biridir. Bütün bunlara baxmayaraq Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, biz onlardan çox fərqliyik. Azərbaycan dövləti və xalqı qurmağı, yaratmağı bacaran və sevəndir. Bunun bariz nümaunəsini bizlər bir neçə gün öncə işğaldan azad edilmiş Xankəndi şəhərində gördük. Azərbaycana dost, qardaş olan ölkələrin rəhbərlərinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün tarixi Xankəndiyə toplaşmaları, orada səslənən bəyanatlar, verilən mesajlar Azərbaycanın sühlsevər simasını bir daha dünyaya nümayiş etdirdi. Möhtərəm Prezident çıxışında bir çox məqamlarla yanaşı Ermənistanın vandalizm və cinayətkar siyasətindən bəhs etdi. Ölkə başçısı Vətən müharibəsinin başa çatmasından bu günə qədər 400-ə yaxın soydaşımızın mina partlaması nəticəsində həlak olduğunu və ya ağır şəkildə yaralandığını bildirdi. Ermənistanın mina xəritələrini təqdim etməkdən uzun müddət boyun qaçırması, təqdim olunan xəritələrin isə böyük ölçüdə qeyri-dəqiq olması bu problemi daha da dərinləşdirib. Bütün bu çətinliklərə və maneələrə baxmayaraq, Azərbaycan dövləti azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərini uğurla davam etdirir.

Xarabalığa çevrilmiş şəhər və kəndlər yerində müasir infrastrukturla təmin olunmuş yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar, su, enerji və rabitə xətləri inşa edilir. Həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin edilir. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insanın yaşaması, çalışması, həm də bütün bunların ən çətin şərtlər altında, qısa zaman kəsiyində mümkün olması ölkəmizin gücünün, qüdrətinin təcəssümüdür. 

Gülmirə Səfərova;
Neftçala rayonu