Üzərinə həbs qoyulmuş əmlakla bağlı bu prosedur asanlaşdırılır

Üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmetini əldə etmək təklifini alan tələbkar 7 iş günü ərzində həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirməlidir və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdiriləcək.
Liderxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İcra haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir və tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Əmlakın bazar qiyməti tələbkarın tələbindən artıq olduqda tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılacaq.
Bildirilib ki, tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdiriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Oxşar Xəbərlər:


