Avtomobillərin utilizasiyası ilə bağlı şad xəbər

Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator - "Fast Track" MMC şirkəti reyestrdə qeydiyyata alınıb.
Yeni utilizatora qeydiyyata alınması barədə müvafiq sənəd təqdim olunub və bununla da ölkə üzrə utilizatorların sayı üçə çatıb.
Liderxeber.az xəbər verir ki, şirkət utilizator fəaliyyətini Abşeron rayonunda həyata keçirəcək ki, bu da nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasında vətəndaşlar üçün əlçatanlığı artıracaq. Vətəndaşlar artıq Bakı və Gəncə ilə yanaşı, Abşeron rayonunda da nəqliyyat vasitələrini yeni utilizasiya məntəqəsinə təhvil verə biləcəklər.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır. Həmçinin utilizator kimi fəaliyyət göstərmək niyyətində olan sahibkarlar da bu barədə müstəqil olaraq özləri qərar verirlər. Belə ki, müvafiq maddi-texniki imkanlara malik olan sahibkarlar əvvəlcə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə müraciət edir və zəruri tələblərə cavab verməsi müəyyənləşdirildikdən sonra reyestrdə qeydiyyata alınır.
Nəqliyyat vasitəsini utilizasiyaya təqdim etmək istəyən vətəndaşlar nəzərə almalıdırlar ki, əvvəlcə nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az portalına daxil edilərək, müəyyən olunmuş vaxtda nəqliyyat vasitəsi vətəndaşın seçdiyi utilizatora təhvil verilməlidir.
"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından bu günədək 7860 nəqliyyat vasitəsi utilizasiyaya verilib, köhnəlmiş və ya yararsız nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına 544 min manatdan çox birdəfəlik ödəniş köçürülüb, həmçinin 374 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.