Sürət, səs-küy, təhlükəli manevrlər… - Motosikletçilər polis nəzarətində

Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, paytaxt ərazisində keçirilən son tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan və təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub. Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və qayda pozuntularının digər hərəkət iştirakçıları üçün yaratdığı təhlükələr diqqətə çatdırılıb.
İnsanların istirahətini pozan, neqativ hallara yol verən moped və motosiklet sürücülərinə qarşı tədbirlərin vətəndaş məmnunluğunu təmin etmək məqsədilə mütəmadi olaraq davam edəcəyi bildirilib.
Polis yol hərəkəti iştirakçılarını qaydalara riayət etməyə və diqqətli olmağa çağırır.


