26 avqust tarixi Laçın şəhəri Günü kimi əbədi qeyd ediləcək

Beş il öncə düşmənin həddini aşmış şəkildə siyasi və hərbi ritorikasına cavab olaraq başladılmış Vətən Müharibəsi nəticəsində Azərbaycan otuz ərzində pozulmuş ərazi bütövlüyünü bərpa etdi.
Bütün mənfur əməllərinə rəğmən yenə də mərhəmətli davrandığımız müharibənin sonunda düşmənin qaldırdığı ağ bayrağa hörmətlə yanaşdıq. Onlara vaxt verdik ki, əzəli torpaqlarımızı tərk etsinlər. Uzun illər ikibaşlı siyasət yeridən beynəlxalq siyasətə elə bir dərs verdik ki, çətin ki, unudula. Çox böyük təəsüf hissi ilə qeyd edirik ki, məhz dünyanın gözü önündə 30 ilə yaxın müddət ərzində erməni qəsbkarları Azərbaycanın işğal olunmuş ərazilərində dünyada misli görülməmiş vəhşiliklər törətdilər. Şəhərlərimiz, yüzlərlə qəsəbə və kəndlərimiz dağıdılaraq, yerlə-yeksan edilmiş, tarixi-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz amansızlıqla talan olunmuşdur. 1992-ci ildə may ayının 18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonu da bu kimi vandalizm əməllərinə məruz qalmış rayonlarımızdan biri olmuşdur. Məlum olduğu kimi işğal olnmuş ərazilərdə coğrafi adların dəyişdirilməsi, təbii resursların talan edilərək qazanc mənbəyinə çevrilməsi, qeyri-qanuni məskunlaşma həyata keçirilməsi bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Bəli, yenə də özünü “ədalətli”, “insan hüquq və azadlıqlarını qoruyan” təsisatlar kimi qələmə verən beynəlxalq qurumların gözü önündə rəsmi İrəvan işğal dövründə bütün bu cinayət əməllərini Azərbaycanın işğal altında olan digər ərazilərində olduğu kimi, Laçın rayonunda da həyata keçirmişlər.
Düşmən Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə bu rayonda məskunlaşdırmaqla, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə də məşğul olmuşlar. Yenə də dünya ictimaiyyəti bütün baş verənlərə görməzdən gələrək Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə atmamışdır. Ancaq bu gün Laçın rayonun düşmən azad edilməsi tarixi uğurumuzun əhəmiyyətli bir hissəsidir. Xüsusilə Laçın rayonunun hərbi-siyasi yolla düşməndən azad edilməsi məhz Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xüsusi önəm kəsb edən uğurudur. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən haqq mübarizəmiz zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz misli görünməmiş rəşadət və taktika nümayiş etdirərək dədə-baba torpaqlarımızı düşmən işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri azad olundu. 2020-ci il 10 noyabr tarixində Ermənistanın faktik olaraq kapitulyasiyası sayılan və Rusiya Federasiyasının iştirakçılığı ilə Üçtərəfli Bəyanat imzalandı. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən 2020-ci il 1 dekabr tarixində Laçın rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verildi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən, 26 avqust tarixi Laçın şəhəri günü kimi təsis edilib. Artıq üçüncü ildir ki, Laçın şəhər günü təntənəli şəkildə qeyd olunur. Tək laçınlılar deyil, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı bu günü böyük sevinc və qürur hissi ilə yaşayır.
Tamella Hümbətova;
Neftçala rayonu