Pressa.az » Ölkə » “Zəfər” şahmat turniri qalibləri Laçın və Zəngilanda - Fotolar

“Zəfər” şahmat turniri qalibləri Laçın və Zəngilanda - Fotolar

01 sentyabr 2025, Bazar ertəsi, 11:10
“Zəfər” şahmat turniri qalibləri Laçın və Zəngilanda - Fotolar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində məcburi köçkün məktəblilərdən bir qrupunun Laçın və Zəngilan rayonlarına infoturunu təşkil edib.

Liderxebe.az xəbər verir ki, infotur Laçın və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə keçirilib.

İnfoturda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün məktəblilər arasında keçirdiyi Böyük Qayıdışa həsr olunan “Zəfər” şahmat turnirinin qalibləri iştirak ediblər.

İnfoturun iştirakçısı olan məktəblilərə Prezident İlham Əliyevin tapşırığı ilə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. Məktəblilər Laçın şəhəri və şəhərdə yerləşən Bayraq meydanı, Həkəri çayının sahilində salınan park və Zabux kəndi ilə yaxından tanış olublar. Həmçinin, məktəblilər Zabux kəndində salınan parkda şahmat oynayıblar.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə səfər edən infotur iştirakçıları, kəndin mərkəzi meydanı və yaşayış evləri ilə tanış olublar. Ağalı kəndinə qayıdan həmyaşıdları ilə söhbətləşiblər.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.