İctimai nəqliyyatda güzəştlər tətbiq oluna bilər?

Son günlər sosial şəbəkələrdə və yerli mediada Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılır. Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, gedişhaqqının 1 manat və məsafədən asılı olaraq 1 manatdan çox olacağı iddiaları da səsləndirilir.
Liderxeber.az-ın məlumatına əsasən, vətəndaşlar ATV-yə bildiriblər ki, ictimai nəqliyyatda gedişhaqqının artırılması onların xərclərinə ciddi təsir göstərə bilər.
“Təkcə ictimai nəqliyyata gündəlik 4-5 manat pul çıxır. Karta 10 manat pul yükləyirik, 2 günə bəs edir. Hətta deyirlər ki, gedişhaqqını 1 manata qaldırmaq istəyirlər. Bu nə dərəcədə doğrudur?”, - onlar bildirib.
Xarici ölkələrdə isə ictimai nəqliyyatla bağlı vəziyyət fərqlidir. Məsələn, Almaniyada əməkhaqqı yüksək olduğu kimi ictimai nəqliyyatda da qiymətlər yüksəkdir. Bununla belə ictimai nəqliyyatdan istifadə üçün güzəştlər tətbiq olunur.
Ekspertlər müxtəlif ölkələrdə ictimai nəqliyyatda tətbiq edilən uğurlu təcrübənin ölkəmizdə də istifadə edilməsinin məqsədəuyğun hesab edir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, müxtəlif əhali qruplarından olan şəxslərə ictimai nəqliyyatda güzəştli keçid haqqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Nağdsız ödənişlərə keçid tam təmin olunduqdan sonra, bu kimi güzəştlərin tətbiqi mümkün ola bilər.