Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

9 oktyabr 2025-ci il tarixində Azərbaycan və Qazaxıstanın aparıcı qolf klubları - "Dreamland Golf Club" (Bakı) və "Zhailjau Golf Resort" (Almatı) - regionda qolfun inkişafı və turizmin gücləndirilməsi məqsədilə strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Bu əməkdaşlıq qolfun regional inkişafına yeni nəfəs gətirəcək. Memorandum çərçivəsində hər iki klubun üzvləri qarşılıqlı olaraq güzəştli şərtlərlə klub xidmətlərindən, yarışlardan və yaşıl sahələrdən istifadə etmək imkanı qazanacaqlar.
İmzalanan sənəd yalnız turnirlərlə məhdudlaşmır. Klublar qolf meydançalarının idarəolunması, rəqəmsal rezervasiya sistemləri, turnir təşkilatçılığı və dayanıqlı inkişaf üzrə bilik və təcrübə mübadiləsini də nəzərdə tutur. Birgə seminarlar, təlimlər və yerli peşəkar kadr hazırlığı bu əməkdaşlığın əsas sütunlarından biri olacaq.
"Dreamland Golf Club" və "Zhailjau Golf Resort" əməkdaşlığın əsas prinsipləri kimi qarşılıqlı hörməti, bərabərliyi və şəffaflığı ön plana çıxarır. Bu əməkdaşlıq sayəsində həm Azərbaycan, həm də Qazaxıstan qolfçuları daha geniş imkanlar əldə edəcək, region isə qlobal qolf xəritəsində güclü mövqeyə sahib olacaq.
"Bu əməkdaşlıq yalnız iki klub arasında deyil, bütövlükdə Azərbaycan və Qazaxıstan arasında yeni bir körpü rolunu oynayacaq. Biz inanırıq ki, qolf turizminin inkişafı regionun beynəlxalq idman xəritəsində daha parlaq mövqeyə yüksəlməsinə səbəb olacaq. Gənclərin bu idmana cəlb olunması və yeni turnirlərin təşkili isə gələcəyin sağlam və peşəkar qolfçularını formalaşdıracaq", - "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Ahmad Gozal bildirib.
Oxşar Xəbərlər:



