Pressa.az » Ölkə » “Zəngəzur və Araz dəhlizi buradan keçəcək” - Video

“Zəngəzur və Araz dəhlizi buradan keçəcək” - Video

29 oktyabr 2025, Çərşənbə, 10:14
“Zəngəzur və Araz dəhlizi buradan keçəcək” - Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə bir çox məsələlərə toxunub.

Liderxeber.az xəbər verir ki, dövlət başçısı sakinlərin uzun illər ərzində ağır şəraitdə yaşadığını xatırladıb.

İlham Əliyev qeyd edib ki, köçkün həyatı çox ağırdır: “Ancaq artıq o günlər arxada qaldı. Beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir, o cümlədən Zəngilan rayonunda. Yenə də deyirəm, birinci “Böyük Qayıdış” Proqramını biz Zəngilan rayonundan başlamışdıq. Bu gün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi demək olar ki, yekunlaşır. Digər binaların tikintisi, məktəb, xəstəxana. Zəngilan məscidi tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı.

Yəni, bura, bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir.

Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni, biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Mən sizə də xoşbəxt həyat arzulayıram. Bir daha sizi təbrik edirəm”.