Pressa.az » Ölkə » Pensiya kapitalından vaxtından tez istifadə nəzərdə tutulmur - Rəsmi

Pensiya kapitalından vaxtından tez istifadə nəzərdə tutulmur - Rəsmi

05 noyabr 2025, Çərşənbə, 16:13
Pensiya kapitalından vaxtından tez istifadə nəzərdə tutulmur - Rəsmi

Vətəndaşların pensiya fondunda yığılan kapitalı vaxtından əvvəl istifadə etməsi üçün yeni mexanizmin yaradılıb yaradılmayacağına aydınlıq gətirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib .

Qeyd olunub ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Şəxsin toplanmış pensiya kapitalından pensiya sığorta hadisəsi (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək və s.) baş vermədən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Pensiya kapitalı şəxsin yaşa və ya əlilliyə görə pensiya təminatı, yaxud o vəfat etdiyi halda ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya təminatı məqsədi üçün nəzərdə tutulur.

Şəxs pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda pensiya kapitalı əsasında ona aylıq pensiya təyin olunur.

Nəzərə çatdırılıb ki, vəfat etdiyi halda isə pensiya kapitalı müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.