Qovlar sakinləri sürətli qatarla səfər edə biləcəklər
Bu ilin 3 iyul 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Tovuz rayonunun Qovlar stansiyasında dayanacaq verilməsi təmin olunacaqdır. Qatarların Qovlar stansiyasında dayanması üçün müvafiq texniki tapşırıqların icrası tam yekunlaşıb.
"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, marşrut üzrə Bakıdan Qovlar stansiyasınadək bir istiqamətə gediş haqqı standart yerlərdə 16 AZN təşkil edir.
İyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarları yeni qrafikə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzil başına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Xatırladaq ki, ADY 18 mart 2023-cü il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadıb.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir. Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.