Oktyabrda ən çox bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı
2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 105.9 faiz olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 108.2 faiz, qeyri-qida məhsulları üzrə 102.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105.6 faiz təşkil edib.
Liderxeber.az Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri indeksi 100.5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.7 faiz olub.
Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə oktyabr ayında əvvəlki aya nisbətən indeks 100.8 faiz, yanvar-oktyabr aylarında isə 106.9 faiz təşkil edib.
Ən çox qiymət artımı qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın qiymətlərində müşahidə olunub.
Ucuzlaşma isə bu məhsullarda qeydə alınıb: Limon, portağal, naringi, alma, heyva, narın, xurma, üzüm, kivi, qoz, şabalıd, göyərti, balqabaq, sarımsaq və soğan. Digər qida məhsullarında ciddi dəyişiklik olmayıb.
Qeyri-qida məhsulları üzrə oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.6 faiz təşkil edib. Ən çox bahalaşma geyimlər, şəxsi gigiyena və zərgərlik məmulatlarında, ucuzlaşma isə yuyucu və təmizləyici vasitələrdə müşahidə olunub. Digər qeyri-qida məhsullarında ciddi dəyişiklik baş verməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə oktyabr ayında indeks əvvəlki aya nisbətən 100.4 faiz, yanvar-oktyabr aylarında isə 106.6 faiz təşkil edib. Bahalaşma əsasən mənzillərin kirayəsi, metro, taksi, şəhər və şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərdə ciddi dəyişiklik olmayıb.
