Qurumlara göndərilən sorğudan ilk cavab gəldi — Sumqayıt Tibb Mərkəzi mövqeyini açıqladı
Redaksiyamızın Sumqayıtdakı dövlət qurumlarına ünvanladığı sosial media rəyləri ilə bağlı sorğuya cavab daxil oldu.
Liderxeber.az xəbər verir ki, Sumqayit.tv tərəfindən dövlət qurumlarına sosial şəbəkələrdə səslənən rəy və qeydlərin monitorinqi, vətəndaş müraciətlərinə baxılması və qəbul mexanizmləri ilə bağlı ünvanlanan rəsmi sorğuya ilk cavab daxil olub. Sorğuya cavab verən ilk qurum Sumqayıt Tibb Mərkəzidir. Qurum tərəfindən təqdim olunan rəsmi mövqe, olduğu kimi, dəyişiklik edilmədən oxucuların diqqətinə çatdırılır;
Sumqayıt Tibb Mərkəzinin rəsmi cavabı
Sumqayıt Tibb Mərkəzi sosial şəbəkələrdə səslənən rəy və şikayət xarakterli qeydləri gündəlik əsasda monitorinq edir. 2025-ci ilin ilk 10 ayı ərzində sosial platformalar vasitəsilə 500-dən çox müraciət daxil olub və onların hər biri araşdırılaraq nəticə üzrə vətəndaşlara geri dönüş edilib. Sosial media monitorinqi Sumqayıt Tibb Mərkəzinin xidmət keyfiyyətinin artırılması istiqamətində əsas alətlərdən biridir və vətəndaşların fikirlərinə xüsusi həssaslıqla yanaşılır.Bu sözləri sorğumuza cavab olaraq Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı deyib.
Onun sözlərinə görə, müraciətlərin qəbul edilməsi üçün mərkəzdə çoxkanallı sistem qurulub: “070 404 03 82 nömrəli qaynar xətt gün ərzində ortalama 20 müraciət qəbul edir. Bununla yanaşı, sosial şəbəkələr vasitəsilə gündə 5–10 müraciət daxil olur və bütün müraciətlər dərhal aidiyyəti struktur bölmələrinə yönləndirilir. Sumqayıt Tibb Mərkəzində vətəndaşların qəbulu üçün geniş imkanlar yaradılıb və proses sistemli şəkildə təşkil olunur. Qəbul otağında hər gün 30–40 vətəndaş, direktor və müavinlərin fərdi qəbulunda isə 15–20 vətəndaş dinlənilir. Ay ərzində iki dəfə keçirilən direktorun ümumi vətəndaş qəbulu zamanı əlavə olaraq 50–60 müraciətçi qəbul olunur. Bu dinamika ilə mərkəz 2025-ci ilin 10 ayı ərzində 3 000-ə yaxın şəxsin qəbulunu həyata keçirərək müraciətlərin böyük əksəriyyətinə operativ şəkildə reaksiya verib.”
R.Zeynallı qeyd edib ki, qəbul cədvəlləri əvvəlcədən tənzimlənir və ictimaiyyət üçün açıq şəkildə elan olunur. Vətəndaşlar qəbulla bağlı məlumatı həm mərkəzdaxili məlumat lövhələrindən, həm də qaynar xətt vasitəsilə əldə edə bilirlər: “Bu şəffaflıq mərkəzin vətəndaşlarla ünsiyyət strategiyasının əsas hissəsidir. Sumqayıt Tibb Mərkəzi üçün vətəndaş müraciətlərinə operativ və diqqətli yanaşmaq sadəcə bir inzibati prosedur deyil, ictimai etimada verilən dəyərin ifadəsidir.
Hər bir müraciət bizim üçün təkcə şikayət və ya sorğu deyil, vətəndaşın bizə göstərdiyi etimaddır. Bizim borcumuz isə bu etimadı doğrultmaq və hər bir insanın narahatlığını diqqətlə dinləməkdir.
Sumqayıt Tibb Mərkəzi şəffaf, çevik və insan mərkəzli idarəetmə prinsipinə sadiqdir və bu istiqamətdə işlərimiz ardıcıl şəkildə davam edəcək.
Qurum rəsmisi vurğulayıb ki, vətəndaş məmnuniyyətinin yüksəldilməsi, müraciətlərin daha rahat qəbulu və xidmət keyfiyyətinin artırılması istiqamətində proseslər mütəmadi olaraq təkmilləşdirilir və yaxın dövrdə bu sahədə əlavə yeniliklər də planlaşdırılır.
Redaksiya qeydi: Digər qurumların sorğuya cavab verəcəyi bildirilsə də, hələlik rəsmi mövqe göndərməyiblər.
